Javid`s Lucid Dream310 baxış

Yazı insan, insanlıq, sevgi, nifrət, məqsədlər, güclü, gücsüz, yaşam haqqındadır.

Lucid Dreaming – dərk olunan yuxu mənasını verir. Psixologiyada keçərli olan bu termin, insanın yuxu gördüyünü özünün dərk etməsi, yuxusunu idarə etməsi ilə təzahür olunur. Şəxsən məndə bu hal tez-tez baş verir. Əsasən də səhərə yaxın yuxugörmə zamanı… Gözlərimi açıb telefonumdakı saata baxandan sonra gözlərimi təzədən yumaraq və yaxud tualetə gedib gələndən sonra özüm istəyərək həmin yuxunun ardını görə, yuxu olduğunu dərk edə-edə sujet xəttini özüm istədiyim kimi idarə edə bilirəm. Nəysə…

Yazının adından da göründüyü kimi əsas məsələ mənim yuxularım deyil. Bu yazını yazmaqda əsas məsələ dostum Cavid Ağanın timsalında onun kimi düşünənlərin nə qədər düzgün və yaxud yanlış olmasını göstərməkdir. Adı isə ona görə belə seçdim ki, Cavidin öz blogunda Lucid Dream adlı yazısı var. Hansı ki, özünün tək, hamıdan uzaqda, kimsəsiz yaşamasını arzuladığı şəkillər paylaşıb. Həmçinin qısa bir yazı da. Həmin yazını axırda qeyd edəcəm…
Mən Cavid Ağanı öz yaşına görə çoxlarından öndə gedən, çoxbilən, informasiyalı, dünyagörüşlü, ağıllı biri kimi tanımışam və elə də tanıyıram. Sadəcə bu insanın psixologiyası tamamən fərqlidir. O, supereqoya malik (?!), heç kim vecinə olmadığını, insanlara dəyər verməyən, dəyərə layiq olmadığını tərənnüm edən bir fərddir. Yəni yazılarından, postlarından, statuslarından, düşüncələrindən belə qərara gəlmək olar ki, indi onun əlinə atom bombası versən, Yer kürəsindəki bütün insanları qırar. Özü də bundan həzz alar… Bir sözlə potensial Anders Breivikdir. Hər halda özünü belə tanıdır. Həmçinin qeyd edir ki, həyatda heç bir məqsədi yoxdur. Amma bir tərəfdən də özünü hamıdan güclü görmək istəyir, üstinsan olmağa can atdığını deyir. Cavid, məgər bunun özü məqsəd deyilmi? Həmçinin hər şeyə güclülər yaşamağa layiqdir prinsipi ilə yanaşıb, məqsədlərin, sevginin heç olmamasını göstərməklə yaşamaq uğrunda mübarizədən də ağız dolu danışır.

Hər zaman düşünmüşəm ki, bütün insanların məqsədləri var. Məqsədsiz insan yoxdur. Hərdən mən də pessimistləşirəm. Əslində daxilən elə pessimist düşüncəli biriyəm. Hərdən “hər şey boş vaxt sərfidir” düşünüb, addımlarımdan geri çəkilmək istəyirəm. Hətta atdığım addımlar narazıcılıqla da qarşılanır, – onsuzda heç bir xeyri yoxdur, heç nəyi dəyişə bilmərsən – kimi cümlələrlə həvəsdən salanlar da olur. Amma sonra dərk edirsən ki, yox, yaşamağın mənası məqsədlərin dalınca getməkdə, məqsədlərə çatmaqdadır. Çünki insan məqsədinə çatanda özünü xoşbəxt hiss edir. Ümid ən sonda ölür misalı tam yerinə düşər.
İndi isə facebook profilində paylaşdığı insan haqqları, insanlığa dəyər verməyə çağıran videorolikə göstərdiyi münasibətə baxaq. Əlavə olaraq MetaMorfozun səhifəsində “Diqqət! Danışır ağrı” adlı dilənçi uşağın şəkilinə “Danışır duyğu sümürüsü” şərhi yazaraq, profilinde “girin, görün nə yazmışam” deyə, fəxrlə paylaşıb da…
Keçək facebookdakı müzakirəyə… (yazı post üçün redaktə olunub)

Cavid Ağa: Heç kim bərabər deyil. Kim qəbul etsə də mən qəbul etmərəm, dünyanın ən kasıb insanı olsam da.
Hacı ColdField: Niyə qəbul etmirsən?
Cavid Ağa: Məntiqli deyil, duyğusal sömürüdü bu. Şopenhauerin bir sözü var; 40 yaşımacan məndən alçaq olan insanlarla mənə bərabərmiş kimi davrandım, indi utanıram. Heç kim bərabər deyil, ya altdadır ya üstdə.
asif eminov:Cavid, sən altda olmağı qəbul edirsən?
Cavid Ağa: Yox, bərabər olmağı ancaq altda qalanlar istəyər onsuz da. Özlərinə güvənməyən zəiflər ancaq altda qalandan sonra bərabərlik istəyər, çünki üstə çıxmağa ümidləri ölmüşdür. Ümidi ölənlər də altda qalmağa məhkumdur.
asif eminov: Sən güclüsən guya? Səndən güclülər var. Və bərabər olmağa pis baxırsansa, deməli, onlardan zəifsən və altdasan. Yoxsa belə deyil? Sənə elə gəlmirmi ki, o Şopenhauerin qarşındakı zəifi adam sayıb, adam olduğuna ümid eləyib, 40 yaşına kimi bərabərmiş kimi davranıb? Üstəlik sən indi üstdə olmaq ümidindən danışırsan. Halbuki sənin bütün danışıqların, cümlələrini nihilizmin, ümidsizliyin göstəricisi kimi qiymətləndirmək olar.
Cavid Ağa: Aha, iyerarxiya var. Və təbii ki, məndən güclülər var. Və total hədəfim onları gücsüzləşdirmək olmalıdır, bərabərliyə can atmaq yox. İmkan vermərəm kimsə mənimlə eyni olsun.
asif eminov: Hərdən mənə elə gəlir ki, sən başdan xarabsan. Səbəbini sən daha yaxşı bilərsən, amma sən yaşamaq uğrunda mübarizədən dəm vurub, yaşamaq uğrunda mübarizənin prinsiplərinə məhəl qoymayan adamsan. Qarşındakını gücsüzləşdirmək yaşamaq uğrunda mübarizənin göstəricisi deyil. Bu heç bir fəlsəfi baxışa sığmayan (nihilizmdə də heç belə deyil, yəqin səndə cavidzmdir.) eqoizm var, narsisizm var. Özündən başqasını sevmirsən, bəyənmirsən. Kiməsə əl tutmaq, bərabər tutmaq da yaşamaq uğrunda mübarizənin göstəricisidir. Heç kim əbədi deyil. Və sənə verilən 60-70 ili məqsədlərlə yaşamalısan. Sənsə, özün demişkən, məqsədsiz adamsan…
Cavid Ağa: Nihilist olduğumu deməmişəm, bir ara demişəm, sonra yox. O da əvvəllər. Məqsədlərlə yaşamalı filan deyiləm. Məqsədləri fərd özü qurur, başqa heç kim. Yaşamaq uğrunda mübarizənin göstəricisi o vaxt olardı ki, sən qəbul edərdin ki, sən cəmiyyət olmadan yaşaya bilməyəcəksən. Mənə görə isə bugün kimsə var, sabah yoxdur. Həyatımda fərq yaratmayacaq elə də…
asif eminov: Sən özün olmaq istəmirsən. Sən Şopenhauer olmaq istəyirsən. Sən Burzum olmaq istəyirsən. Sən Nitzşe olmaq istəyirsən. Sən özün olmaq istəmirsən və burda gəlib özlükdən dəm vurursan. Aha… Sən cəmiyyət olmadan yaşaya bilməyəcəksən. Sənin yaşamağına səbəb cəmiyyətdir elə. Və sən bugün cəmiyyətin bir hissəsini təşkil edən fərdə adam gözü ilə baxmırsansa, deməli, sən yaşamaq uğrunda mübarizədən kənar adamsan, məqsədlərin də yoxdur, ən zəif olanı da sənsən və heç vaxt da güclü ola bilməyəcəksən.
Cavid Ağa: Şopenhauer pessimistdir. Müharibəyə qarşıdır. Onun kimi olmaq istəmirəm, Burzum (Varg Vikernes) irqçidir, mən onun kimi olmaq istəmirəm. Nietzsche’ni isə hələ anlamaq ərəfəsində olduğumdan nəsə deyə bilmərəm bu barədə. Amma onunla anlaşmadığım məqamlar çoxalıb. Hər-halda sənin kimi sürüdən olmaqdan yaxşıdır. Asif, söhbət statik cəmiyyətdən gedir, dinamikden yox. Söhbət birinə bağlanmaqdan gedir. Sən mən olmadan guya yaşamağa davam etməyəcəkdin?! Edəcəkdin! Hə, cəmiyyətə bağlı qalmaq elə zəifliyin əlamətidir. Çünki çoxluğa qul olursan.
asif eminov: Sən fərd olaraq nə güclüsən, nə zəif. Sənin zəif və yaxud güclü olduğunun göstəricisi elə bəyənmədiyin bu sürüdür. Və güclü olmaq zəifi tapdalamaq, adam yerinə qoymamaq deyil. Belə olan halda sənin güclülük göstəricini məhv etmiş olursan, hansı ki, bununla zəif olursan. Gördüyün kimi söz xətrinə danışırsan. ‎Cavid, sən, mən, bashqası… Hamımız bir yerdə cəmiyyəti qururuq. Mən kimisə sevməsəm, qarşımdakını tapdalaya-tapdalaya, öldürə-öldürə getsəm, sabah heç kim qalmayacaq. Və qalan yeganə mən də bir neçə ildən sonra ölüb gedəcək. Beləcə heç kim qalmayacaq… Nə mən, nə sən, nə başqası. Məsələ də bundadır. Gördüyün kimi başqasına əl tutmaq da, sevmək də, yaxşılıq eləmək də, bərabər gözlə baxmaq da və s. insanlığa xidmət edən şeylər yaşamaq uğrunda mübarizənin göstəricisidir.
Cavid Ağa: Asif, söhbət individual insanların iyerarxiyasından gedir. Mən bu yöndən yanaşıram, amma sən ibtidai icmadan qalan sürü əxlaqının totemizmində ilişib qalmısan. Nə olsun ki, sən Allahı inkar edirsən. Beynin allahsız qala bilib, amma yerinə “insan” adlanan bir heyvanı qoyub. )) Məndə o allah elə “mən”dir.
asif eminov:Cavid, məndə beynimdə olan bu insan adlı heyvan da, şüuraltı olaraq yaşamaq uğrunda mübarizənin nəticəsidir. Yuxarıda da qeyd etdiyim kimi. Əgər mən insanları sevməsəydim, sabah bir atom bombası partladım hamını qırardım. Və yerdə təkcə mən qalardım. Təkcə mən olan yerdə mən güclü olmuş olacam mı? Sənsə bunu deyirsən və özünün güclü olduğunu sanırsan. Halbuki bununla ən zəif adam olmuş olursan və bu kimi fikirlərlə, düşüncələrlə güclü olmursan. Daha da zəif olursan. Sənin yaşamağına səbəb birinci növbədə yemək, çoxalmadırsa, ikinci səbəb sevgi olmalıdır. (!) Cünki heç kim əbədi deyil və sənin (insanın bir növ olaraq) mövcud olması üçün qarşındakı fərdlərə qiymət verməlisən. Dəyərləndirməlisən, sevməlisən, bəzilərini bərabərləşdirməlisən və s. 3 nəfər gedir ova. Bir ayı vurub gətirirlər. Bir aylıq yeməkləri olur… Sənin kimi biri “mən fərd olaraq hamınızdan güclüyəm” deyib tək gedir ova. Nə ayı vura bilir, nə dovşan. Axırda da acından ölür… 3 nəfər gedir ova. Biri yaralanır. 2-i yaralını ayının pəncəsindən alır və sabah təzədən 3 nəfər ova gedirlər… 2 nəfər gedir ova. Biri yaralanır və sənin kimi düşüncəlisi o biri yaralını atır orda ölməyə. Sabah da tək gedir ova və yemək tapa bilməyib, zəif olduğu üçün ölür.
Cavid Ağa: Sevmək, axı, sonradan uydurulma bir şeydir. İnsanın hissiyyatı 5-dir – toxunmaq, görmək, eşitmək, dadmaq və qoxulamaq. Sevgi hansı hormon vasitəsilə olurdu yadımda deyil. Yəni bu da nəslini çoxaltmağa baxır. Mənim yaşamağıma səbəb bilmirəm nədir. Məncə yaşamağa səbəb yoxdur, səbəblərin olduğunu deyənlər də səbəb tapmayıb, uydurmuş olanlardır. Asif, elə üstdə olmaq da tək ola-ola yaşamağı öyrənməyə deyilir. Sən dediyini mən də qəbul edirəm, amma güclü o vaxt olursan ki, tək qalasan. Amma hələ də yaşaya biləsən.
Tural Mikanajew: Hüceyrələrimizin orqanelləri belə bərabər hüquqlu deyil, amma biri olmasa digərləri də bir işə yaramaz.
asif eminov:Cavid, bax, Tural yaxşı misal çəkdi. Yuxarıda kobud misalı da mən çəkdim. Ümumiyyətlə etrafına baxsan, görərsən ki, bu kimi misallar hər yerdə keçərlidir. Və sənin həyata gəlməyinə də səbəb sevgidir, yaşamağına səbəb də sevgidir. Hamı sənin kimi insanlığa nifrət bəsləyən olsaydı, çoxdan sən düşüncəli, səndən güclü birisi tərəfindən yər üzündən silinmişdin. Gördüyün kimi sənin yaşamağına səbəb başqalarının məqsədləridir. Başqalarının səni sevməsi, bərabər gözlə baxmasıdır və s. Sənsə özünü məqsədiz, yaşamağa səbəbi olmayan kimi göstərirsən. İnsanın mücərrəd hissləri də təkamül nəticəsində formalaşıb və yaşamaq uğrunda mübarizə üçündür. Və ən güclü, ən öndə gedən mücərrəd hiss sevgidir. Bu sevgi sözünü böyük anlamda düşün.
Cavid Ağa: Asif, mənim yaranmağıma səbəb sevgi yox, məhz atamın anama duyduğu seksual ehtirasdan ötrü özünü saxlaya bilməməsidir. Məndən güclü olanlara mənim ölümüm yaxud yox olmağım sərf etməz, onlara məni işlətmək, özləri uğrunda müharibəyə göndərmək və s. üçün lazımdır. Çünki altdakılar olmasa üstdəkilər ola bilməz. Üstdəkilər buna görə zəifdir. Altdakılar da zəifdir, çünki öz güclərinin fərqində deyillər. Üstdəkilər o vaxt güclü olar ki, altdakılara ehtiyac duymadan yaşamağı öyrənsinlər və məncə əsl təkamül budur, heyvan kimi sürüdə qalmaqdan əl çəkib tanrılaşmaq. Məsələn sabah gedəcəyim zavodun sahibi. Üstdəkilər o vaxt güclü olacaq ki, altdakəlara ehtiyacı olmayacaq, altdakılar da o vaxt üstə çıxacaq ki, üstdəkilərin boşluqlarından istifadə edə biləcək. Nə geniş, nə də qısa anlamda sevgi yoxdur, seksual ehtiras var.

Cavid, gördüyün kimi özün özünü inkar edirsən. Əvvəl güclü olmaqdan, heç kimə ehtiyac olmadan yaşamağı bacarmaqdan danışırdın, indi isə deyirsən ki, zəif olmasa mən güclü olsam da yaşaya bilmərəm və mənim güclü olmaq göstəricim də zəiflərdir, güclülüyüm zəiflərdən asılıdır.
Həmçinin sənə sevgini geniş mənada qəbul et dedim, sənsə sevginin geniş-qısa anlamı olmadığını, ümumiyyətlə sevginin olmadığını, ancaq seksual hisslərin olduğunu qeyd etdin. İndi isə gəl sənə sevgini geniş mənada olduğunu göstərim, sevgin mövhumunun təkcə sekslə çərçivələnmədiyini, həmçinin sevginin yaşamaq uğrunda mübarizə ilə nə əlaqasəsi olduğunu da… Özünə sevgi, valideynlərinə sevgi, vətənə sevgi, torpağa sevgi, heyvanlara sevgi, bitkilərə sevgi, planetə sevgi, kainata sevgi və s. İndividiumun özündən asılı olaraq istənilən şeyə qarşı sevginin olduğunu görə bilərsən. İndi isə bu sevgilərin yaşamaq uğrunda mübarizə ilə əlaqəsini quraq… İnsan özünü sevir, özünü hər bəladan qoruyur. İnsan valideynlərini sevir. Ailesini sevir. Həmin insan üçün ailəsi qonşulardan, qohumlardan, tanışlardan önəmlidir. İnsan vətənini sevir. Həmin insan üçün torpaqlarının sərhədləri, milləti daha dəyərlidir. Öz evini qorumaq üçün ölməyə də hazırdır. İnsan heyvanları sevir. Heyvanların qorunması həmin insan üçün daha dəyərlidir. İnsan planeti sevir. Planetin qorunması üçün atılan hər bir addım onun üçün daha dəyərlidir. Və bütün bunlar təhtəlşüur səviyyəsində atılan addımdır, hansı ki, bütün bu sevgilər insanın və beləcə insanlığın qorunmasına xidmət edir. Hansı ki, bu da insanın bir növ kimi saxlanılmasına, onun qorunmasına gətirib çıxarır. İnsanda olan mücərrəd hisslər (başda sevgi olmaqla, ikincisi isə nifrət) təkamülün neoforması kimi də göstərmək olar. İnsan məhz heyvandan fərqli olaraq bir insana olan sevgisinə görə növü qoruya bilir. Vətənə, torpağında olan sevgisinə görə düşmənlə mübarizə aparır. Lap sabah planetlərarası müharibə olsa, sən erməni ilə çiyin-çiyinə planetin uğrunda mübarizə aparmış olacaqsan. İnsan qlobal düşünə bildiyi üçün planetin məhvinə aparacaq hər yola əngəl yaratmış olur. Beləcə insan planeti, heyvanları, bitkiləri, insanları qorumaqla özünü yaşatmış (növünü) olur, özünü (növünü) qorumuş olur. Beləcə hər bir insan özündən asılı olmayaraq insanlığı yaşatmış olur. Bax, budur sevgi və insanlığa dəyər vermək. Budur üstinsan olmaq. Nitzşenin Zərdüştü olmaq. Eqona qalib gələrək təkcə özünü yox, “öz”ünü, kimliyini, bir insan olduğunu düşünmək.

Cavid Ağanın Qaralama yazısından:
Hətta özünə ateist deyən dostlardan da qəribə sözlər eşidirəm. İsanı sevirlər… Və kimlərinsə sevdiyini də iddia edirlər! İsanı heç kim sevmir. Sevənlər də mənim gözümdə mərhəmət xəstəliyinə yuvarlanmış olanlardır. Döyüşkən ruhu öldürən Xristianlıq, Buddizm tipli dinlər heç mənlik deyil. Nietzsche’nin “Yaxşının və pisin ardında” kitabından bir sitat gətirəcəm (tərcümə mənə məxsusdur). Kimsə nəticə çıxarması ümidi ilə…
Yenə deyək bir daha, yüz dəfə söylədiyimizi, çünki bu günün qulaqları müqavimət göstərir belə həqiqətlərə – çünki bizim həqiqətlərimiz, onlar – bu gün xoş qarşılanmağa hazır deyil. İnsanların bənzədilmədən, birbaşa heyvandan sayıldığını duyduğumuzda, bunun necə pis təsir bağışladığını kifayət qədər yaxşı bilirik; halbuki, “müasir düşüncə” insanları üçün davamlı “sürü”, “sürü instinkti” və bənzər sözləri istifadə etdiyimizdə az qala “günahkar” sayılacağıq. Nə edilə bilər bunun üçün? Başqası əlimizdən gəlməz: Tam burdadır, yeni hissimiz. Bütün bu əxlaq təməl mühakimələrində Avropanın öz təsiri altına aldığı ölkələri də içinə alaraq söz birliyi etdiyini gördük: İnsan, Avropada açıqca Sokratın bilmədiyini sandığı şeyi bilir, bu məşhur köhnə ilanın öyrətmək üzrə söz verdiyi şeyi – bu gün insan nəyin yaxşı nəyin pis olduğunu bilir(!) İndi, davamlı təkrarlayıb durduğumuzdan ötrü qıcıqlayıcı ola bilər, çətin eşidilə bilər: Burada bilindiyinə inanılan, burada xarakteristika və tənqidlə öz-özünü ucaldan, o özünə yaxşı deyilən şey, sürü heyvanının instinktidir! Bir partlayışla, üstünlüklə, digər instinktlərə qalib gələn bu dəyişmə, əlaməti olan böyüyən fizioloji yaxınlaşdırma və bənzətmələrə görə davam edər. Bu günün Avropasının əxlaqı sürü heyvanı əxlaqıdır:Elə anladığımız qədəriylə, mümkün olan, olması lazım olan digər növlərin yanında, qarşısında, ardında, bütün daha yüksək əxlaqların üstündə yalnız bir növ insan əxlaqıdır, halbuki bu əxlaq belə bir “imkana”, belə bir “lazımlılığa” bütün gücüylə müqavimət göstərər. İnadla, amansız bir şəkildə deyər: “Mən əxlaqın özüyəm, mənim xaricimdə başqa heç bir şey əxlaq deyil!” – bəli, ən incə sürü heyvanı istəklərinə icazə verən, arxa çıxan bir dinin köməyiylə, siyasi və ictimai anlayışlarda belə bu əxlaqın getdikcə diqqətə çarpan izahatını tapdığımız bir yerə gəldik:
Demokratik hərəkət Xristianlığın mirasıdır!
Halbuki, temp daha səbirsizləşir, haqqında danışılan instinktin ağrısını çəkənlər üçün hələ çox yavaş və yatırdıcıdır; getdikcə qudurğanlaşan hürüşləri eşidilir, getdikcə saxlana bilməz olan diş qıcamaları ilə anarxist itlər indi Avropa küçələrində at oynadır. Dinc çalışqan demokratlara və inqilab ideoloqlarına qarşı çıxırmış kimi görünürlər; hətta özlərinə “sosialist” deyib “azad cəmiyyət” istəyən axmaq fəlsəfəçi qaralamalarına və qardaşlıq həvəslilərinə də qarşı çıxırlar.
Halbuki, əslində, yarı-müstəqil sürünün xaricindəki hər cəmiyyət formasına əsaslı və instinktiv düşmənlikdə hər kəslə birləşirlər (“əfəndi”, “xidmətçi” anlayışlarını yadırğamağa qədər çatdırırlar işi – “ni dieu ni maitre” bir sosial deyişdir – Nə əfəndi nə Tanrı).
Hər kəslə birləşirlər, hər xüsusi sova, hər xüsusi haqqa və imtiyaza qarşı müqavimətlərində (son təhlildə hər haqqa qarşı olmaq deməkdir bu: Çünki hər kəs bərabər olduğunda, kimsənin artıq “haqqlara” ehtiyacı qalmaz).
Hər kəslə birləşirlər cəzalandırıcı ədalətə etibarsızlıqlarında (sanki, zəiflərin əzilməsi, bütün əvvəlki cəmiyyətlərin zəruri nəticəsinə qarşı edilmiş bir haqsızlıqmış kimi!)… Halbuki, mərhəmət dinində, bütün duyulan, yaşayan və acı çəkənlərin duyğularını paylaşmaqda yenə hər kəslə birləşirdilər (aşağıdakı heyvandan, yuxarıdakı “Tanrıya” qədər: – “Tanrıyla rəhm etmə” axmaqlığı demokratik əsrə spesifikdir.
Hər kəslə birləşirlər çığır-bağır salmaqda, mərhəmətin səbirsizliyində, ümumiyyətlə əzaba qarşı duyduqlarıölümcül nifrətdə, tamaşaçı qalmaqdaki az qala qadına xas olan bacarıqsızlıqlarında, əziyyət çəkməyə icazə verə bilmək üçün.
Hər kəslə birləşirlər, Avropanın yeni bir Buddaçılıqla təhdid edilirmiş kimi göründüyü, azad istəkləri xaricindəki qaranlıqlaşma və kişiyə xas olmayan araşdırmada.
Hər kəslə birləşirlər, paylaşılan mərhəmətə olan inanclarında, sanki o özbaşına azad bir əxlaqmış kimi, yüksəklik, insanların çatdığı yüksəklik, gələcəyin tək ümidi, müasir insanın təsəllisi, əvvəlki günahlardan böyük bir təmizlənməkmiş kimi:
Hər kəslə birləşirlər qurtarıcı olaraq “özbaşına” sürülərə, toplama olan inanclarında…

Sən özün olmaqdan uzaqsan. Oxuduğun bu kitabların hər cümləsində özünü tapır, hətta Nitzşenin özü ola bilməyib, ideallaşdırdığı qəhrəmanına çevrilirsən. Onun görmək istədəyi obrazı özündə canlandıraraq, hər şeyin yalan olduğunu özünə təlqin edir, inandırırsan. Həmçinin sənin ziddiyyətli düşüncə tərzin ondadır ki, özünü Nitzşe, qəhrəmanları, üstinsanı kimi görmək istəyərkən, amma onların məqsədlərinin olduğunu unudursan. Axı, sənin məqsədlərin də yox idi…

Cavidin Lucid Dream yazısından:
Gözlərini yum, xəyal et özünü Sen Luizdə, gecə saat üç-dörd radələri… Oturmusan bir qayanın üstündə ya da dibində, ayağının altındaki uçurumdan yüzlərcə metr o tərəfdə Mississippi axır, səs yoxdur, suyun da səsi gəlmir. Sadəcə sən, ay işığındaki vadi və sənə zümzümə kimi gələn qurbağa səsinə qarışmış bayquş çığırtısı ilə kilometrlərcə uzaqdan gələn itlərin boğuq hürüşməsi. Və cırcıramanın səsi ilə müşaiyət olunur bu müqəddəs an.
İndi yavaş-yavaş aç gözlərini, yenə gurultulu, qara-qura həyat, maşın tüstüsü, zibil iyi. Niyə özünü öldürmürsən?

Bax, özün özünə maraqlı sual verdin. Niyə özünü öldürmürsən? Əgər səninçün hər şey heç nədirsə, məqsədlərin yoxdursa, həyat mənasızdırsa, sevgi yoxdursa, insanlar lazımsızdırsa, sənin özünü öldürə bilməməyinə səbəb nədir?

Yuxarıda yazılanlardan belə qənaətə gəlmək olar ki, güclü deyilsən. Və utopik fikirlərinin də yalnız utopiyadan ibarət olduğunu da dərk edirsən. Yuxarıdakı müzakirədən də gün kimi aydındır ki, ilk və son fikirlərin bir-biri ilə ziddiyyətlik təşkil edir. Dərk edirsən ki, dediklərin həyatla uzlaşmır. Amma Nitzşe kimi söz oyunu oynamaq xoşuna gəlir və özünü inandırmağa çalışırsan ki, doğrular dediklərin kimidir. Bir sözlə sənin vəziyyətin elə Lucid Dream-dır. Sənin həyatın yuxu və sən yuxunu istədiyin kimi cızmağa çalışan biri.

Bu da ikimizin şərəfinə bir musiqi. )